• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

İshal


İshal

İshal və ya diareya –defekasiyanın sadəcə tezləşməsi deyil, eyni zamanda nəcisin konsistensiyasının durulaşmasıdır. Sutkada 3 dəfədən artıq duru nəcisin və ya 1 dəfədən artıq duru və qanlı nəcisin olması diareya hesab olunur. Defekasiya aktı nisbətən tez-tez olursa, lakin bu zaman nəcis formalaşmışdırsa, bu hal diareya hesab olunmur. Defekasiya aktının tezləşməsi qalxanabənzər vəzi funksiyasının normadan artıq olması və yaxud qəbul olunan qidanın miqdarının çoxluğu ilə bağlı ola bilər.

Eyni zamanda sutkada 1 dəfə duru nəcisin müşahidə olunması hər hansı bir əsəbi gərginliklə də (məsələn, tələbələrdə imtahandan əvvəl) bağlı ola bilər. Diareya 4 gündən artıq davam edir və aşağıdakı əlamətlərlə müşayiət olunarsa, həkimə müraciət olunmalıdır:

-meteorizm;

-qarında ağrı;

-nəcisdə selik, bəzən qan;

-iştah və çəkinin azalması;

-ürəkbulanma və qusma;

-qara nəcis;

-yüksək hərarət.

Diareyanın ən ciddi fəsadlarından biri orqanizmin susuzlaşması-dehidratasiyadır. Kiçikyaşlı uşaqlar və yaşlı şəxslər dehidratasiyaya daha çox meyilli olurlar. Diareyaya aşağıdakı amillər səbəb ola bilər:

-bağırsaq infeksiyaları;

-qida allergiyası;

-dərman preparatları, xüsusən antibiotiklər, bəzi antasidlər, qəbizlik əleyhinə preparatlar və s.;

-kofe və spirtli içkilərdən sui- istifadə.

Diareyanın müalicəsində əsas şərt orqanizmi susuzlaşmaqdan qorumaqdır. Adi suyun tərkibində qlükoza və minerallar olmadığından, mineal sular və bulyondan istifadə olunmalıdır.

2 həftədən artıq  davam edən ishal xronik ishal kimi qiymətləndirilir. Xronik ishala həzm fermentlərinin azlığı, diabet, qida allergiyası, hipertireoz, bağırsağın iltihabı xəstəlikləri (kolit, enterokolit, divertikulit, kron xəstəliyi) səbəb olur.

İshala səbəb olan amillərdən biri də laktoza çatışmamazlığıdır. Bu fermentin çatışmamazlığı süd və süd məhsullarının mənimsənilməsini çətinləşdirərək ishal yaradır.

İnfeksiya ilə bağlı diareyalar müvafiq antimikrob və antivirus preparatları ilə müalicə olunur. Bu təyinatlar həkim tərəfindən verilməlidir.

Diareyanın səbəbi aydınlaşdırılana qədər pəhriz gözlənilməlidir. İshal zamanı uşaqların qida rasionuna banan, düyü həlimi, quru, qızardılmış çörək əlavə edilir. Diareyanın müalicəsinin  populyar üsulları nəcisi sadəcə bağırsaqda ləngidib müalicəvi effekt göstərmədiyindən, onların tətbiqi məqsədə uyğun sayılmır.

Qeyd etmək lazımdır ki, infeksion diareyadan qorunmanın ən effektiv üsullarından biri şəxsi gigiyena qaydalarına əməl olunmasıdır.