• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

Uşaqlarda travmalar


Uşaqlarda travmalar

SÜMÜK VƏ OYNAQLARIN TRAVMATİK ZƏDƏLƏNMƏLƏRİ.

Uşaqlar həddən artıq hərəkətli olduqlarından tez tez müxtəlif travmalara ( çıxıqlar, sınıqlar ) məruz qalırlar. Ağrı, qansızma, şişkinlik, deformasiya, sümüklərin bir birinə sürtünməsi səsləri və s. əlamətlər çıxıq və ya sınıqların olmasına dəlalət edir. Uşaq qorxmuş olur, qışqıraraq ağlayır. Böyüklər bu şəraitdə özlərini sakit və soyuqqanlı aparmalıdırlar. Təşvişə düşməyin, hay küy də salmayın bu, uşağı daha da çox qorxuda bilər. Özünüzü itirmədən tez bir zamanda təcili yardım çağırın. Ambulans gələnə qədər zədələnmiş hissəsini hərəkətsizləşdirin sınmış əli bədənə, sınmış ayağı isə çox ehtiyatla sağlam ayağa sarıyın.Uşaqda ciddi qanaxma olarsa, əlinizin altında olan istənilən vasitələrdən istifadə edərək ( kəmər, şarf, burun dəsmalı ), qanayan yaranın yuxarı hissəsindən möhkəm sarıyın. Onurğa sütununun zədələnməsi və ya kəllə - beyin travmasına şübhə olduğu halda, ambulans gələnə qədər uşağı qaldırmağa və ya çevirməyə cəhd etməyin, yerindən tərpətməyin.

Uşaqlarda travmadan sonrakı ilk dövrdə gips sarğısı qoyulmur. Bu məqsədlə əvvəlcə langet sarğısından istifadə edilir, bir neçə gündən sonra isə gips sarğısı qoyulur.

Qeyd etmək lazımdir ki, uşaqlarda sümüklər böyüklərə nisbətən daha tez birləşir. Həm də uşaq nə qədər kiçikdirsə, sağalma bir o qədər tez baş verir. Sınığın müalicəsi dövründə uşağı vitaminlərlə və kalsiumla ( sümüklərin əsas tikindi vasitəsi ) zəngin olan tam və keyfiyyətli qidalanma ilə təmin etmək lazımdır. Travma almış uşağın daha tez sağalması üçün onun tez tez təmiz havada olması da vacib hesab edilir.

Əziz valideyinlər, heç bir halda , xalq təbabətçilərinə üstünlük verərək ( bir çox oynaq çıxıqlarında olduğu kimi ), ixtisaslaşmış tibbi yardım almaq üçün təcrübəli mütəxəssislərin, travmatoloqların yardımından imtina etməyin!

Loğmanları, sınıqçıları üstün tutan valideyinlər bilməlidir ki, bu sənətçilərin insanın anatomiyası, sümüklərin və oynaqların quruluşu barədə dərin bilikləri olmur və onlar bu travmaların düzləndirilməsi üzrə cərrahi üsulları və s digər qaydalarıda bilmirlər. Böyüklərdən fərqli olaraq uşaqlarda yumşaq toxuma üstünlük təşkil etdiyindən, travma almış uşağa dəqiq diaqnoz qoymaq üçün ilkin baxış və əllə müayinə edilməsi kifayət etmir. Bu zaman rentgen müayinəsi aparılmadan keçinmək heç bir halda düzgün halda hesab edilmir. Sınıqçılar isə, bir qayda olaraq, rentgensiz keçinirlər. Sınıqçıların müalicəsindən sonra ilk baxışdan valideyinlərdə elə bir fikir yarana bilər ki, uşaq artıq sağalmışdır. Lakin belə müalicələrin nəticəsində uşaqlarda gələcəkdə çox ağır fəsadlar baş verə bilər ki, bu da onların əlilliyinə, bəzən isə ölümünə səbəb ola bilər.