• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

9 Ay

Hamilə qadınların səhhətinin qorunması

Hamilə qadınlara bütün növ isti proseduralar (sauna, isti vanna), çox isti havada çimərlikdə olmaq məsləhət görülmür. Ananın bədən hərarətinin artması dölün hərarətinin artmasına səbəb olur ki, bu da onun orqanizmində mübadilə prosseslərini pozaraq onun mərkəzi sinir sisteminə mənfi təsir göstərir. İsti proseduraları ilıq duşlarla əvəz etmək məsləhət görülür.

Hamilə qadınlara sintetik materialdan tikilmiş paltarların (xüsusən alt paltarların) geyilməsi məsləhət görülmür. Belə geyimlər dəri tənəffüsünün və tərləmənin qarşısını alaraq qadın orqanizminə mənfi təsir göstərir. Belin dar kəmərlər və rezin vasitələrlə sıxılmasına yol verməmək, rezinli corab və qolfiləri geyinməkdən də çəkinmək lazımdır. Rezin vasitələr damarları sıxaraq ayaqlarda qan dövranının pozulmasına səbəb olur. Məhz bu prinsipi nəzərə alaraq hamilə qadınlara oturarkən bir ayağını digərinin üzərinə asmaq da məsləhət deyil.

Hamilə qadınlara hündürdaban, həmçinin baldırı dar olan uzunboğaz çəkmələrin geyilməsi də qadağan olunmalıdır.

Gələcək analara təbii parçalardan (pambıq, kətan, yun) tikilmiş paltarlar, qarın saxlayan bandajlar və rahat ayaqqabılar geymək məsləhətdir.

Yuyucu tozların və təmizləyici maddələrin, həmçinin yüksəktezlikli elektrik peçlərin (sobaların) orqanizmə olan mənfi təsirləri sübut olunmasa da, həkimlər hamiləlik dövründə onlardan istifadə olunmasını məhdudlaşdırmağı məsləhət görürlər. Bundan başqa, ağır yüklər qaldırmaq, əyilmiş vəziyyətdə iş görmək, ayaq tikiş maşını ilə tikmək, vibrasiyalara məruz qalmaq da qadağan edilir.

Hamiləlik zamanı oksigenə tələbat artmış olur. Ona görə də gün ərzində 2 saatdan az olmayaraq, nəqliyyatın və səs-küyün intensiv olmadığı ərazilərdə, parklarda və digər yerlərdə gəzmək vacib qaydalardan hesab olunur.

Hamilə qadın gün ərzində 10 saatdan az olmayaraq havası tez-tez dəyişilən otaqda yatmalıdır. Bu dövrdə yuxugətirici dərmanların qəbul edilməsi yolverilməzdir.

Növbəti əmək məzuniyyətini isə hamiləliyin ilk 3 ayı ərzində götürmək daha məsləhətdir. Məhz bu zaman dölün daxili orqanlarının formalaşması baş verir. Ona görə də bu dövrdə zərərli faktorların dölə təsiri daha təhlükəli hesab olunur. Hamiləliyin 7-ci ayından sonra istənilən nəqliyyat növü ilə uzun səfərlərdən çəkinmək, doğuş yerinə yaxın olmaq vacibdir.

HAMİLƏLİKDƏ SKOLİOZ

Skolioz çox yayılmış onurğa pozulmasıdır. Hamiləliyi planlaşdıran zaman öncədən skoliozun dərəcəsini bilmək çox vacibdir.

Skoliozun ilk mərhələlərində (yəni 1-ci və 2-ci) skolioz daxili orqanların fəaliyyətinə təsir etmir. Lakin skoliozun 3-cü və xüsusilə də 4-cü mərhələlərində onurğanın deformasiyası nəticəsində ürək və ağciyər öz fizioloji yerləşməsini dəyişir ki, bu da onların fəaliyyətinə mənfi təsir edir. Hamiləlik zamanı qadının tənəffüs və ürək-damar sistemi güclü yüklənmələrə məruz qalır. Skolioz nəticəsində fəaliyyəti pozulmuş bu sistemlər üçün belə yükləmələr hədsiz dərəcədə ağır ola bilər ki, bu da qadının sağlamlığı və hətta həyatı üçün ciddi təhlükə yarada bilər.

Bu səbəbdən 3-cü və 4-cü dərəcəli skoliozu olan qadın hamiləliyini mütləq planlaşdırmalı və qabaqcadan ginekoloqun, terapevtin və ortopedin müayinələrindən keçməlidir.

Hamiləlik zamanı hətta sağlam qadınlar da bel ağrılarından əziyyət çəkir. Bu böyümüş uşaqlığın onurğaya olan təzyiqi ilə bağlıdır.

Skoliozdan əziyyət çəkən qadınlarda bu ağrılar daha da şiddətli, dözülməz ola bilər. Bu zaman xüsusi bandajların taxılması, qoruyucu rejim kömək edə bilər.

Skoliozun yüngül formalarında təbii doğuş mümkündür, lakin daha ağır formalarda qadına qeysəriyyə kəsiyi təyin oluna bilər.

Beləliklə, əksər hallarda skolioz hamiləlik və doğuş üçün əngəl yaratmır. Belə hallarda təbii doğuş hamiləliyin ilk günlərindən başlayaraq hazırlanmalıdır. Hamilə qadın özünü mümkün qədər qorumalı və hamiləliyin erkən dövründən başlayaraq sonuna kimi daima doğuş həkiminin nəzarəti altında olmalıdır.

Hamiləlik və doğuşla əlaqədar hər hansı bir sual yaranarsa vital klinikanın mama-ginekoloqlarına aşağıdakı telefonlarla müraciət edə bilərsiz: