• AZ   RU   EN

  • +994 50 312 23 12

Sağlamlığınız etibarlı əllərdədir

9 Ay

Hamilə qadınların qidalanması

Hamiləlik dövrü sağlam və möhkəm uşaq orqanizminin quruculuğu dövrüdür. Buna görə gələcək ananın düzgün qidalanması doğulacaq uşağın sağlamlığının təminatıdır. Natamam qidalanma kimi, normadan artıq qidalanma da təhlükəli hesab olunur. Natamam qidalanma uşaqsalmaya, dölün çəkisinin azalmasına və onun həyat qabiliyyətinin aşağı düşməsinə səbəb olur. Artıq qidalanma isə ananın və dölün çəkisinin artmasına səbəb olur, iri ölçülü döl isə həm hamiləliyi, həm də doğuşu daha riskli edir. Hamiləliyin birinci yarısında gün ərzində 4 dəfəlik, ikinci yarısında isə döl tərəfindən bağırsaqların sıxılmasını nəzərə almaqla 5-6 dəfəlik qida qəbulu rejimi məsləhət görülür.

Qidanın tərkibində tələb olunan miqdarda zülallar, yağlar, karbohidratlar, vitaminlər, mineral duzlar və mikroelementlərin olmaslı vacibdir.

Hamilə qadınların qida rasionundan spirtli içkilər, qəhvə, tünd çay, kolbasa, sosiska, müxtəlif turşu və şorabalar, hisə verilmiş və konservləşdirilmiş qidalar, şirin və yağlı un məmulatları, ədviyyatlar, tonuslayıcı qazlı içkilər (Coca Cola, Pepsi və s.) çıxarılmalıdır.

Əgər qadın (xüsusən də allergiyası olan) hamiləlik dövrü müddətində qida rasionuna tərkibində yüksək allergik xüsusiyyətə malik olan məhsulları (balıq, hisə verilmiş, kəskin, duzlu, konservləşdirilmiş qidalar, bal, qoz-fındıq, şokolad, sitrus meyvələri və s.) tez-tez daxil edərsə, bu zaman uşaq hələ ana bətnində olarkən allergenlərin güclü hücumuna məruz qalmış olur. Gələcəkdə belə uşaqlarda müxtəlif allergik xəstəliklər inkişaf edə bilər. Gələcək ana üçün düzgün qidalanmadan əlavə, düzgün maye qəbul etmək də vacibdir.

Hamiləliyin birinci yarısında qadın gündə 2-2,5 litr maye (suplar və s. duru qidalar daxildir) qəbul etməlidir (isti yay günlərində bu rəqəm daha yüksək ola bilər). Məsələ burasındadır ki, dölyanı suların təmiz olması dölün sağlamlıq və normal inkişafı üçün çox vacibdir. Təmiz və steril qalmaq üçün dölyanı sular tez-tez yenilənməli və bunun üçün qadın orqanizminə kifayət qədər maye daxil olunmalıdır.

Hamiləliyin 20-ci həftəsindən sonra qan dövranının sürəti 40% artır. Qadının ürək, böyrək və digər orqanları daha intensiv şəkildə işləyir və qan təchizatına tələbatı daha da artır. Böyrəklərin üzərinə daha böyük ağırlıq düşür, onlar bu dövürdə daha çox maye ifraz edir. Hətta sağlam qadında da şişkinlik əmələ gələ bilər. Daha ağır vəziyyətlərdə hamiləlik ödemi, hestoz (AT artması ilə müşayət olunan ödem) baş verir. Adətən, hamilə qadında ödemlər, təzyiqin yüksəlməsi müşahidə olunduqda həkimlər mayenin qəbulunu kəskin şəkildə məhdudlaşdırmaq tövsiyyə edirlər. Lakin sağlam qadınlarda yalnız duzun kəskin məhdudlaşdırılması (duz orqanizmdə maye saxlayır) adətən, kifayət edir. Qidaları duzsuz hazırlayıb sonra əvvəlcədən ayrı bir qabda ayrılmış duzu (gün ərzində təxminən ВЅ çay qaşığı) qidalara az-az miqdarda əlavə etmək olar.

Əsas qida maddələri:

1. Kalsium.

Dölün sümük sisteminin və dişlərinin formalaşmasına təsir edir. Bu proses təxminən hamiləliyin 8-ci həftəsindən etibarən başlamış olur. Hamiləlik dövründə ana orqanizmi üçün bu elementə olan tələbat 2 dəfə artmış olur. Əsas mənbələri: süd və süd məhsulları (pendir, kəsmik, qatıq)

2. Zülallar.

Hamiləlik dövründə zülallara olan tələbat artdığı üçün tərkibində proteinlər olan məhsulların qida ilə qəbulunu artırmaq lazımdır. Zülalın əsas mənbələri olan ət, toyuq, balıq yağsız olmalı və suda və ya buğda bişirilməlidir. Bundan əlavə süd məhsulları, paxlalı bitkilər də zülallarla zəngindir.

3. Vitamin C.

Ciftin möhkəmlənməsinə, orqanizmin müqavimət qabiliyyətinin artırılmasına, dəmirin mənimsənilməsinə kömək edir. Uzun müddət saxlanılma və bişirilmə qida məhsullarının tərkibində olan C vitamininin parçalanmasına səbəb olur. Ona görə də qəbul edilən qida məhsulları təzə olmalı, meyvə və tərəvəzlər imkan daxilində çiy yeyilməlidir. Əsas mənbələri: əsasən təzə sitrus meyvələri, tərəvəzlər (şirin bibər, pomidor, gül kələm, kartof), itburnu qurusu.

4. Sellüloza.

Sellüloza hamilə qadınların qida rasionunun xeyli hissəsini təşkil etməlidir ki, bu da hamiləlik zamanı çox tez-tez təsadüf edilən qəbizliyin qarşısını alır. Əsas mənbələri: meyvə və tərəvəzlər (həmçinin onların quruları), makaron məhsulları, çovdar çörəyi, düyü.

5. Fol turşusu.

B qrup vitaminlərinə aid olaraq, xüsusən hamiləliyin ilk həftələrində dölün mərkəzi sinir sisteminin inkişafı üçün çox vacib hesab olunur. Qida məhsulları uzun müddət saxlandıqda və termiki təsirə məruz qaldıqda, onların tərkibində olan fol turşusu parçalanır.

Onu da qeyd etmək vacibdir ki, hamiləlik zamanı heç bir pəhriz rejimi fol turşusunun tələb olunan miqdarını təmin edə bilmir.

Ona görə də həkimlər bir çox hallarda hamilə qadınlara onun dərman formalarını da təyin edirlər.

Əsas mənbələri: çovdar çörəyi, fındıq, ispanaq (şomu).

6. Dəmir.

Normal qanyaratma üçün çox vacibdir. Anemiyanın profilaktikasında böyük rol oynayır. Dəmir vitamin C ilə birlikdə daha yaxşı mənimsənilir. Çay və qəhvə isə onun mənimsənilməsinə maneçilik törədir. Buna görə də dəmir ilə zəngin olan qida maddələrinin qəbulundan sonra çay və qəhvənin içilməsi məsləhət görülmür.

Əsas mənbələri: yağsız qırmızı ət, alma, kərəvəz, nar, xurma, ərik qurusu, qara gavalı qurusu, kişmiş.

Hamiləlik dövründə nə yeyəcəksinizsə, bunlar doğuşdan sonra uşağın ana südündən aldığı qidaya təsir göstərəcəkdir. Bu səbəbdən sağlam həyat tərzi aparın. Bir uşağın gözləri doğuşdan sonra 6 aya qədər inkişaf etməyə davam edir. Ona görə də beta-karoten baxımından zəngin qidalar (yerkökü, şirin kartof) yemək, körpəyə ana südünün verdiyi faydaları əldə etməsini təmin edəcəkdir. Qadınlar əmizdirmənin ilk bir neçə ayında hər gün əlavə olaraq təxminən 300 kaloriyə ehtiyac duyur, buna görə özünüzü ac saxlamayın.